Oğuzlar — Oğuz Xaqan Dastanına görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, ilk öncə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Makedoniya, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır.
Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır.
Bu boyların Bozoxlar və Üçoxlar olaraq olaraq ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər. Altayların qərbində və Tyan-Şan (Tanrı) dağları bölgəsindəki oğuz topluluqları isə Göytürklərin qərb qolu olan Türgiş və ya Türkeş xaqanlılqarına bağlı olarak yaşadılar. 760-cı ildə bu bölgəni ələ keçirən və Qarluq boyunun başçılığı, Yağma və Çiyil boylarının iştirakı ilə qurulan Qaraxanlı dövləti içində Oğuz boyları da vardı. İlk dövlətləri Oğuz Yabqu Dövlətini isə Xəzər dənizinin şərqində Oğuz Yabqunun öndərliyində qurdular. Lakin 1000-ci ildə Qıpçaqlar tərəfindən dövlətin dağıdılması ilə oğuzlar iki yerə bölündülər. Bir qismi şimala gedərək bugünkü Krım, Qazax, Bulgar və Tatarların atası oldular, bir qismi də Səlcuq bəy öndərliyində cənuba endilər, islamı qəbul edib islam orduları xidmətinə girdilər. Şərqdəki oğuzların tarixi fərqli yol izlədi. 840-cı ildə Uyğur dövləti Qırğızlar tərəfindən süquta uğradıldıqdan sonra oğuzların əsl böyük köçü başladı və Asiyanın dörd bir yanına, əksəriyyəti qərbə kütlə halında köçdülər və digər eyniköklü tayfalarla birləşdilər. Oğuzların Qınıq boyundan olub ataları Səlcuqun adı ilə Səlcuqlular adlanan bir qol Toğrul bəyin öndərliyində 1038-ci ildə İraq, İran və Azərbaycan ərazisində Böyük Səlcuqlu İmperiyasını qurdu. Ətraf ərazilərdə yaşayan digər türk boyları da bu imperiyaya qatıldılar.
Səlcuq hökmranlığı İran, Xorasan, Mərv, İraq, Suriya, Cənubi Qafqaz və Anadoluda bir əsrdən çox davam etdi. Sonuncu böyük Səlcuq sultanı Səncər (1118-1157) zamanı dövlətin bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Məvarünnəhri qaraxanlılardan alsa da, qarakitayların Məvarünnəhrə hücumunun qarşısını ala bilmədi. 1141-ci ildə Səmərqənd yaxınlığında məğlubiyyətə uğradı və bütün Məvarünnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlara səbəb oldu. Vergilərin çoxluğundan narazı olan oğuzlar üsyan etdilər. Səncər onlara qarşı döyüşdə məğlubiyyətə uğradı və əsir düşdü. Üç il əsirlikdə qaldıqdan sonra əsirlikdən qaçdı. Lakin çox yaşamadı və 1157-ci ildə vəfat etdi. Sultan Səncərdən sonra Səlcuq imperiyası süquta uğradı. Onun ərazisində Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. Bununla da oğuzlar dağıldı. Bu dağılmış tayfaların bir qismi Xarəzmşahlara bağlandı, bəziləri Xorasan və Kirmana köçdü, bəziləri daha qərbə gedərək İraq, Suriyada məskunlaşarkən, bəziləri də Anadolu Səlcuqlu dövlətinə qoşuldu. Bunlardan sonra Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi Dövlətləri, Ələmdarlar, Anadolu bəylikləri, Osmanlı İmperiyası, Suriya, İraq və Azərbaycan dövlətləri qurulmuş və Oğuz Xaqan dastanı bu dövrlərdə də mövcud olmuşdur.