Bozqurd — türk, monqol və altay mifologiyasında Bozqurd müqəddəs heyvandır. Boqkaskır, Çaqkurd sözləri eyni mənanı verir. Monqollar Börteçine (Börteşına, Börtöşono) deyirlər. Göyqurd və ya (Göybörü; Gökbörü; Kökbörü) təbiri də yenə istifadə edilir.
Bozqurdlar qurdların bir növüdür. Bozqurdlar, ümumiyyətlə, evcil heyvanlardan adətən qoyunlara, mallara və atlara tələ “qururlar”. Onlar əsla quzulu qoyunlara hücum etməzlər. Ovlarının yarısını öz ailələrinə, yarısını isə ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara apararlar.
Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidi olublar. Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.
Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Bozqurdların daha bir maraqlı xüsusiyyətləri var – yeganə heyvandırlar ki, dişi taylarını dəhşətli dərəcədə qısqanırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.